Səni tanıyıram
Səni tanıyıram -
körpə ikən
məmədən ötrü ağlamağın,
Dərsə gedəndə
qızların saçını
bir-birinə bağlamağın varıydı.
Səni tanıyıram -
sən də bir vaxt
yuxularında uçardın,
Sən də əsgər gedənlərin
dalınca
yolaşana qaçardın.
Balaca vaxtı
körpüdən keçəndə
əlindən tutardılar,
Yadındamı -
tez-tez boğazın gələrdi,
arvadlar barmağını
duza batırıb
qaytarardılar.
Səni tanıyıram -
səni də bu dünya
sevgiylə yıxdı,
Sənin də ilk sevgidən
ağzın yanıqdı.
İstər kasıb ol, istər varlı, -
səni tanıyıram.
Sənə də qoruq var,
qadağa var.
Səndən də yuxarıda
bir ağa var.
Səni tanıyıram -
Burnunda bənövşə qoxusu,
Canında
bir qəfil
güllə qorxusu var.
Fevral, 1997